Azərbaycan.media xəbər verir ki, son illərdə faydalı istismar müddətini başa vurduğu və müştərisi olmadığı üçün bir sıra gəmilər istismardan çıxarılıb. Bu barədə Modern.az ASCO-ya istinadən məlumat yayıb.
Bildirilib ki, mütəmadi aparılan qiymətləndirmələrə əsasən, köhnə gəmilərin istismardan çıxarılması səbəbindən ASCO-nun balansında olan gəmilərin sayının əvvəlki illərlə müqayisədə azalacağı gözlənilir.
Məlumata görə, optimal gəmi sayının təmin olunması üçün tələb edilən təmir işlərinin həcmi ASCO-nun strukturunda fəaliyyət göstərən gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir. Qeyd olunub ki, hazırda ölkədə dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodu fəaliyyət göstərir və bu zavodların əsas sifarişçisi ASCO-dur. Bu səbəbdən gəmi təmiri xidmətlərinin optimallaşdırılmasına hər üç zavod prizmasından baxılması vacib hesab olunub.
Aparılan uzunmüddətli təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən edilib.
ASCO-dan bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda son illərdə daha çox investisiya qoyuluşları aparılıb, texniki vəziyyət yaxşılaşdırılıb və istehsalat modernləşdirilib. “Bibiheybət” Gəmi Təmiri Zavodunda isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyac yaranacağı nəzərə alınıb. Eyni zamanda ölkədə təmir və tikinti işlərini təmin edə bilən müasir Bakı Gəmiqayırma Zavodunun (BGZ) mövcudluğu da diqqətə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi optimal variant kimi müəyyən olunub.
Qeyd edilib ki, bu proses zamanı zavodda çalışan əməkdaşların hüquqları və mövcud iş yerləri tam qorunacaq. ASCO rəhbərliyi işçilərlə görüş keçirərək onların narahatlıqlarını dinləyib və bildirib ki, heç bir işçi ixtisara məruz qalmayacaq, bütün mərhələlər şəffaf şəkildə həyata keçiriləcək.
