🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tacikistan Rusiya səfirini məktəbdə etnik motivli qətl hadisəsi ilə bağlı çağırıb

Azərbaycan.media xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyi (XİN) Moskva vilayətindəki məktəbdə baş verən “etnik nifrət motivli” qətl hadisəsi ilə bağlı Rusiya səfirini çağırıb. Bu barədə məlumat Tacikistan XİN-in rəsmi saytında dərc edilib.

Məlumata görə, Tacikistan XİN Moskva vilayətinin Odintsovo şəhərindəki Gorki-2 qəsəbəsində yerləşən Uspenskaya orta məktəbinin dördüncü sinif şagirdi Qobiljon Əliyevə qarşı törədilən etnik motivli hücumu qətiyyətlə pisləyib.

Rusiya səfirinə təqdim olunan notada “bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparılması və bütün iştirakçıların qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması” tələb edilib.

Qeyd edək ki, dekabrın 16-da Odintsovo şəhərində məktəbdə 9-cu sinif şagirdi Timofey K. 4-cü sinif şagirdi, 10 yaşlı Qobiljon Əliyevi bıçaqlayaraq qətlə yetirib. Timofey qətlin videosunu teleqram kanalında paylaşmış və videodan hadisənin etnik zəmində törədildiyi məlum olub.