Azərbaycan.media xəbər verir ki, tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə Nofəl Vəliyev məlumat verib. Bildirilib ki, Nadir Hüseynov sükan arxasında olarkən qəfil halı pisləşib, ürəyi dayanıb. Daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qeyd edək ki, Nadir Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. O, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Sonrakı illərdə müxtəlif televiziya verilişlərinin, yubileylərin və rəsmi tədbirlərin aparıcısı kimi fəaliyyət göstərib. Xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi geniş tanınıb.
Nadir Hüseynov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edib.
