Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Səfər çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, ehtiramlarını nümayiş etdiriblər. Eyni zamanda Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.
Daha sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Görüşdə general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd edib. O, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm rol oynadığını xüsusi diqqətə çatdırıb.
Ordu generalı Levent Ergün isə 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə general-polkovnik Zakir Həsənova təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını vurğulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
