Azərbaycan.media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda Şuranın cari fəaliyyəti, görülmüş işlər və qarşıdakı dövr üçün prioritet məsələlər ətrafında geniş müzakirələr aparılıb. Bildirilib ki, İctimai Şura qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə aidiyyəti dövlət qurumlarına çatdırılması və ictimai nəzarətin təmin olunması baxımından mühüm rol oynayır.
İctimai Şuranın sədri Anar Xəlilov çıxış edərək Şuranın fəaliyyət istiqamətləri, vətəndaşlardan daxil olan müraciətlərin təhlili və həmin müraciətlər əsasında qaldırılan məsələlər barədə məlumat verib. O, xüsusilə sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin sayının artdığını vurğulayıb, bu müraciətlərin sistemli şəkildə araşdırılmasının və vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov isə çıxışında Komitənin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini önə çəkib. O, İctimai Şura ilə əməkdaşlığın Komitə üçün mühüm olduğunu bildirərək, Şura üzvlərinin təklif və tövsiyələrinin aidiyyəti struktur bölmələr tərəfindən nəzərdən keçirildiyini və bu əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.
İclas zamanı sosial şəbəkələr və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İctimai Şura üzvləri bu istiqamətdə öz təklif və tövsiyələrini səsləndiriblər.
Sonda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş fəaliyyətlərin daha da səmərəli qurulması ilə bağlı müvafiq qərarlar qəbul olunub.
