🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Polis Akademiyasına qəbul elan edildi: “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” üzrə kursant seçimi başlayır

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsil formasında qəbul üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində III qrup üzrə “Hüquqşünaslıq” ixtisasına 500, I qrup üzrə isə “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbulu nəzərdə tutulur.

Qəbul müsabiqəsində Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16–18 arası olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı il fevralın 22-dək namizədlərin daimi yaşadığı yer üzrə polis idarə və şöbələrində aparılacaq. Müsabiqədən keçən abituriyentlərin siyahısı “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək. İmtahanlar Azərbaycan və rus dillərində keçiriləcək.

Qəbul olunan abituriyentlərlə Daxili İşlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanacaq. Tədris Azərbaycan dilində aparılacaq və müddəti 4 il olacaq. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin ediləcək, Akademiyanın ərazisində yerləşən, müasir standartlara cavab verən yataqxanada yaşayacaqlar.

Təhsili başa vuran məzunlara “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri veriləcək, onlar Daxili İşlər orqanlarında müvafiq vəzifələrə təyin ediləcəklər.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 telefon nömrələri və Akademiyanın 88-80 qaynar xətti ilə əlaqə saxlamaq, həmçinin Nazirliyin və Polis Akademiyasının rəsmi internet saytlarına və sosial şəbəkə səhifələrinə müraciət etmək mümkündür.