🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qərbi Azərbaycan yaddaşı: tarixi ədalət və milli məsuliyyət məsələsi

 

Bu gün Ednews TV-də yayımlanan “Vətəndaş mövqeyi” verilişinin qonağı olmaq mənim üçün sadəcə bir televiziya çıxışı deyil, həm də elmi, ictimai və mənəvi məsuliyyət idi. Proqramda Qərbi azərbaycanlıların öz tarixi yurdlarından deportasiyası, bu prosesin xalqımızın yaddaşında buraxdığı dərin izlər, eləcə də onların pozulmuş hüquqlarının bərpası məsələləri ətrafında ətraflı fikirlərimi bölüşdüm. Xüsusilə vurğuladım ki, söhbət təkcə ayrı-ayrı insanların taleyindən deyil, bütöv bir xalqın tarixi varlığının sistemli şəkildə inkarından gedir.

Veriliş zamanı Qərbi Azərbaycana məxsus tarixi-mədəni irsin – məscidlərin, qəbiristanlıqların, yaşayış məkanlarının, toponimlərin və mənəvi dəyərlərin məhv edilməsi faktlarına diqqət çəkdim. Qeyd etdim ki, bu, sadəcə vandalizm deyil, məqsədyönlü mədəni soyqırımı siyasətidir. Bu irsin qorunması, arxivləşdirilməsi və elmi əsaslarla gələcək nəsillərə ötürülməsi dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələrdəndir.

Mənim mövqeyimə görə, Qərbi Azərbaycan məsələsi milli yaddaşımızın ayrılmaz hissəsi olmaqla yanaşı, dövlət siyasətinin də prioritet istiqamətlərindən biri kimi dəyərləndirilməlidir. Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, hüquqi və siyasi müstəvidə ardıcıl şəkildə təqdim olunması son dərəcə vacibdir. Çünki tarixi ədalət yalnız xatırlamaqla deyil, onu dünyaya qəbul etdirməklə bərpa olunur. Qərbi Azərbaycan mövzusu bizim kimliyimizin, tarixi haqqımızın və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətin ifadəsidir.

 

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Azərbaycan.media