🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Livan İranın təsirinə qarşı mövqeyini sərtləşdirir: Beyrut Tehranın müdaxilələrinə son qoymaq niyyətindədir

Azərbaycan.media xəbər verir ki, son 12 günlük İran-İsrail qarşıdurmasından sonra bir neçə ölkə, o cümlədən Livan, Tehranın təsirinə qarşı fərqli siyasət yürütməyə başlayıb. Bu isə İranın regiondakı nüfuzunun tarixində ən aşağı səviyyəyə düşdüyünü göstərir.

İsraillə qarşıdurmada Livanı ön cəbhə kimi görən Tehran, Beyrutun reaksiyalarından şok yaşayıb. İran XİN başçısı Abbas Arakçı da bunun fərqində olduğunu etiraf edib. Livanın rəsmi mövqeyi Tehranın daxili işlərə müdaxiləsinə son qoymaq niyyətini açıq şəkildə göstərir. Bunun bariz nümunəsi isə Livan xarici işlər naziri Yusif Racinin İranın XİN başçısı Abbas Arakçının səfər dəvətini rədd etməsidir. Raci yalnız üçüncü neytral ölkədə görüşün mümkün olduğunu bildirib.

Eyni zamanda, Livan parlamentinin millət vəkili Qiyas Yezbək İranın nüfuzunu məhdudlaşdırmaq məqsədilə bir sıra təkliflər irəli sürüb. O, İran səfirinin dərhal ölkədən çıxarılmasını, yeni səfirin etimadnaməsinin qəbul edilməməsini və Tehrandan başqa səfirin Livana girməsinə icazə verilməməsini tələb edib. Yazbekin fikrincə, bu addımlar ölkənin milli suverenliyinin qorunması üçün zəruridir və İranın Hizbullah qruplaşmasına dəstəyinə qarşı önəmli bir tədbirdir.

Livanlı siyasətçilər vurğulayırlar ki, Tehran və Beyrut arasındakı gərginliyin əsas səbəbi İranın Hizbullah silahlı qruplaşmasına tam dəstək verməsidir. Rəsmi Beyrut, mərkəzi hakimiyyətin zəif, Hizbullahın isə güclü olmasından istifadə edərək, İranın və Hizbullahın zəifləməsi fonunda yeni siyasi dövrün başlanmasına qərar verib.

Hazırda Livan hökuməti Tehranın Hizbullaha SEPAH-ın bir bölməsi kimi baxmasını qəbul etmədiyini aydın şəkildə göstərir. Çünki İranın bu siyasəti ölkənin suverenliyini şübhə altına alır və Tehranla Təl-Əviv arasında baş verə biləcək ikinci müharibədə Beyrutu İsrailin hədəfinə çevirə bilər.

Regionun qeyri-sabit vəziyyəti və Livanın iqtisadi-hərbi böhranı fonunda Tehranın mövqeyinin davam etməsi ölkəni daha ağır nəticələrlə üzləşdirə, suverenliyini ciddi təhlükəyə ata bilər. Bununla yanaşı, İsrailin İranın zəifləməsindən istifadə edərək Livana hərbi müdaxilə və torpaq iddialarını artırması riski də gündəmdədir.

7 oktyabr terror hücumundan sonra İsrailin Qəzzada keçirdiyi əməliyyatlara reaksiyası göz qabağındadır. Tehran hökuməti isə Livanın daha dərin böhran və işğalla üzləşməsi fonunda öz mövqeyini bir müddət də uzada bilər. Livan hökumətinin son addımları isə bu scenarinin qarşısının qəti şəkildə alınmasına yönəlib.