Azərbaycan.media xəbər verir ki, azərbaycanlı həkim-stomatoloq Rəşad Muradov və 17 yaşlı oğlu Bəxtiyar Muradov onurğa xəstəlikləri və skolyozun müalicəsində istifadə edilən yeni proqram təminatlı “Ağıllı korset” ixtira ediblər. İxtira Türkiyədə maraqla qarşılanıb.
Rəşad Muradov “Ağıllı korset” onun ikinci ixtirasıdır. Birinci ixtirası isə ortodontiyada istifadə üçün breket sistemi olub. O qeyd edib ki, oğlunun təşəbbüsü ilə ortodontiya üçün yaratdıqları sistemi onurğa müalicəsində tətbiq etməyə qərar veriblər. Bəxtiyar Muradovun proqramlaşdırma və elektronika təhsili sayəsində korsetə aid proqram təminatı hazırlanıb. Korsetin elektron tərəfində mikrokompressor, Arduino, kabellər, batareya və USB girişləri yerləşir.
Muradov bildirib ki, korset üzərində 2022-ci ildən çalışıblar və 2025-ci ildə sınaq və testlərini tamamlayaraq Türkiyədə patent üçün müraciət ediblər. “Turkpotent” onları sentyabr ayında “Texnofest”də iştirak üçün İstanbula dəvət edib. 23 ölkədən 470 ixtiraçı arasında Azərbaycanı təmsil edən ata-oğul cütlüyü tədbirin sonunda iki qızıl medal qazanıb.
Rəşad Muradov yeni korsetin üstünlüklərini belə izah edib:
Korset digitaldır və həkim tərəfindən uzaqdan idarə olunur.
Sensorlar vasitəsilə pasiyentin onurğa vəziyyəti barədə məlumatlar həkimə çatdırılır.
Əvvəlki sistemlərdə müalicə müddətində 3-5 yeni korset lazım idisə, “Ağıllı korset” bir korsetlə bütün müalicəni tamamlayır.
Hava balonları sayəsində daha yumşaqdır və xəstəyə narahatlıq vermir. Sensorlar qüvvənin azaldığını hiss etdikdə balonları avtomatik doldurur.
Həkimin yazdığı proqram vasitəsilə korset müalicəni davam etdirir, beləliklə, sistem daha sürətli, komfortlu, ucuz və effektiv olur.
Bu ixtira həm müalicə komfortunu artırır, həm də xəstə üçün xərcləri azaldır, tibbi texnologiyada yenilikçi addım kimi qiymətləndirilir.
