🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Arktikada rekord istilər: son yüz ildə ən yüksək temperatur qeydə alındı

Azərbaycan.media xəbər verir ki, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər Arktika bölgəsində hava temperaturu 1900-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının yaydığı hesabatda bildirilib.

Alimlərin qənaətincə, hava və okean sularının temperaturunun artması buzlaqların sürətlə əriməsinə səbəb olur. Bu proses Arktikanın təbii mənzərəsində ciddi dəyişikliklər yaradır, dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır və sürüşmə, eləcə də sunami risklərini artırır.

Hesabatda vurğulanır ki, buzlaqlardan ayrılan dəmir və digər kimyəvi elementlər Arktika sularına qarışaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Bu vəziyyət xüsusilə Çukçi və Berinq dənizlərində yaşayan bəzi fauna növləri üçün ciddi təhlükə yarada bilər.

Qeyd olunur ki, son onillik Arktika bölgəsi üçün müşahidələr tarixində ən isti dövr kimi qiymətləndirilir.

Xatırladaq ki, iyunun 19-da alimlərin Arktikada qeyri-adi yaşıllaşma prosesindən narahat olduqları barədə məlumat yayılmışdı. Daha əvvəl isə Alp dağlarındakı əbədi buzlaqların da ciddi təhlükə altında olduğu açıqlanmışdı.