🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zalujnı xəbərdarlıq etdi: müharibədən sonra Ukraynada veteranlarla bağlı ciddi risklər yarana bilər

Azərbaycan.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı müharibədən sonrakı dövrdə veteranlarla bağlı ciddi təhlükələrin ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib.

 Ukrayna mətbuatına istinadən bildirir ki, Zalujnı bu fikirləri “Veteranlar yeni siyasi subyekt kimi: müharibədən sonrakı Ukrayna üçün qarşılıqlı münasibət qaydaları” adlı onlayn forumda səsləndirib. O, hətta Ukraynada vətəndaş müharibəsi riskinin yarana biləcəyini istisna etməyib.

Sabiq baş komandanın sözlərinə görə, müharibə hələ başa çatmasa da, cəmiyyətdə bəzi hallarda hərbçilərə qarşı mənfi münasibət formalaşmağa başlayıb. Zalujnı qeyd edib ki, müharibədən qayıdan və ordudan tərxis olunan şəxslər iqtisadi vəziyyətin pisləşməsi fonunda işsizlik, gəlir itkisi, mənzil və cəmiyyətə inteqrasiya problemləri ilə üzləşə bilərlər. Bu isə döyüş təcrübəsi olan insanların müxtəlif təxribatlara və qeyri-qanuni yollarla “asan pul” qazanmaq cazibəsinə düşməsinə yol aça bilər.

Onun fikrincə, bu cür proseslər cinayətkarlığın artması və küçələrdə təhlükəsizlik risklərinin yüksəlməsi ilə nəticələnə bilər. Zalujnı İkinci Dünya müharibəsindən və Əfqanıstan müharibəsindən sonrakı dövrlərin bu baxımdan ciddi nümunələr ortaya qoyduğunu xatırladıb.

Sabiq baş komandan siyasi sabitliyin də təhlükə altına düşə biləcəyini vurğulayıb. O bildirib ki, müharibənin başa çatması və təxminən bir milyon hərbçinin, eləcə də imkanlı şəxslərin evlərinə qayıdaraq veteran statusu alması həm dövlət, həm cəmiyyət, həm də veteranların özləri üçün yeni və çətin bir mərhələ olacaq. Zalujnı bu prosesin düzgün idarə olunmaması halında ölkə üçün ağır nəticələr doğura biləcəyini diqqətə çatdırıb.