Azərbaycan.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz ABŞ-ın dünyada təkbaşına istədiyi liderlik rolunu oynaya bilməyəcəyini bildirib və Vaşinqtonun qlobal miqyasda tərəfdaşlara ehtiyac duyduğunu vurğulayıb.
Merz bu fikirləri ZDF telekanalının efirində çıxışı zamanı səsləndirib. O, dünyada siyasi və iqtisadi güc mərkəzlərində tektonik dəyişikliklərin baş verdiyini qeyd edərək, Avropanın bu proseslərdə daha fəal rol oynamasının vacibliyini diqqətə çatdırıb.
“İstəyirəm ki, Avropa bu işdə öz rolunu oynasın. Məhz buna görə də Avropa birliyi naminə çalışıram. Əgər kimsə öz mövqeyindən istifadə edərək bunu edə bilirsə, bu, Almaniya kansleridir”, – deyə Merz bildirib.
Kansler qeyd edib ki, “Hər şeydən öncə ABŞ” yanaşması müəyyən mənada anlaşılan olsa da, “tək başına ABŞ” modeli nə ABŞ-ın özünə, nə də qlobal sabitliyə fayda verəcək. Onun sözlərinə görə, ABŞ-da mövcud iqtisadi göstəricilər də bu reallığı göstərir.
Fridrix Merz əlavə edib ki, gələcəkdə amerikalılar Avropa ilə əməkdaşlığın vacibliyini daha aydın şəkildə dərk edə bilərlər: “Təsəvvür edirəm ki, sonda ABŞ bizə tərəf dönərək ‘Təkcə ABŞ-a deyil, hər ikimizə fayda verən bəzi məsələləri yenidən müzakirə etmək istəməzdikmi?’ sualını verəcək”.
