Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin amnistiya ilə bağlı irəli sürdüyü təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin humanizm, sosial ədalət və milli həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Bu addım təkcə hüquqi akt olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətə ünvanlanan güclü mənəvi mesajdır: dövlət insanı, onun taleyini və gələcəyini daim diqqət mərkəzində saxlayır.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın fikrincə, amnistiya təşəbbüsünün əsas mahiyyəti ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə və hərbi təxribatlar nəticəsində zərər çəkmiş vətəndaşlara xüsusi həssaslıqla yanaşmaqdan ibarətdir. Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin və onların yaxınlarının amnistiya aktında ayrıca qeyd olunması dövlət başçısının bu qəhrəmanlıq salnaməsinə verdiyi yüksək dəyərin ifadəsidir. Bu yanaşma eyni zamanda cəmiyyətin bütün təbəqələrinə ünvanlanan açıq mesajdır: Azərbaycan dövləti öz müdafiəçilərini heç vaxt unutmur.
Deputat qeyd edir ki, təşəbbüs sosial baxımdan həssas qruplara – qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərə humanist münasibətin təzahürüdür. Bu kateqoriyadan olan insanların cəzadan azad edilməsi və ya cəzalarının azaldılması onların yenidən cəmiyyətə inteqrasiyası və normal həyata qayıtması üçün real imkan yaradır. Prezidentin bu addımı hüququn cəzalandırıcı deyil, tərbiyəedici və islah edici funksiyasını ön plana çıxarır.
Elnarə Akimovanın sözlərinə görə, amnistiya aktının miqyasına görə ölkə tarixində ən geniş amnistiyalardan biri olacağı ehtimalı onun ictimai əhəmiyyətini daha da artırır. On minlərlə insanın taleyinə müsbət təsir göstərəcək bu qərar həm penitensiar sistemin yükünün azaldılmasına, həm də cəmiyyətdə sosial sabitliyin və inam mühitinin möhkəmlənməsinə xidmət edir. Dövlətlə vətəndaş arasında etimadın güclənməsi isə güclü dövlətin əsas dayaqlarından biridir.
Bütövlükdə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız hərbi və siyasi müstəvidə deyil, eyni zamanda mənəvi və humanitar sahədə də özünü göstərdiyini təsdiqləyir. Bu qərar ədalət, mərhəmət və məsuliyyət balansını qoruyan uzaqgörən dövlət idarəçiliyinin nümunəsi kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru
Azərbaycan.media
