Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
Məktubda bildirilib ki, Bəhreyn Krallığının milli bayramı münasibətilə Prezident İlham Əliyev həm Kralı, həm də onun simasında bütün xalqı Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularını çatdırır.
Prezident məktubda həmçinin qeyd edib ki, bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərin yeni səviyyəyə yüksəlməsinin bariz nümunəsi, iki ölkə arasındakı böyük potensiala malik əlaqələrin bütün sahələrdə inkişafına verilən önəmin təzahürüdür.
Məktubda vurğulanır ki, xalqların və ölkələrin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində səylər bundan sonra da uğurla davam etdiriləcək.
Təbrikdə Kral Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Bəhreyn xalqına isə əmin-amanlıq və rifah arzulandığı bildirilib.
