Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunun İsmətli kəndində qadın qəsdən öldürülüb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 1955-ci il təvəllüdlü Almaz Cəfərova noyabrın 3-də yaşadığı evdə yastıqla boğularaq qətlə yetirilib. İlk məlumatlarda qadının ölüm səbəbi beyindaxili təzyiq kimi göstərilsə də, aparılan istintaq və əməliyyat-axtarış tədbirləri qətlin olduğunu üzə çıxarıb.
Hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib ki, 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı, 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə əvvəlcədən əlbir olaraq Almaz Cəfərovanı qəsdən öldürüblər.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) ilə cinayət işi başlanıb. Qasım Həsənov və Gülbəniz Həsənzadə polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və şübhəli şəxs qismində tutulublar.
Araşdırma davam edir.
