Azərbaycan.media xəbər verir ki, əmək münasibətlərində işçilər arasında ailə vəzifələrinə görə hər hansı birbaşa və dolayı ayrı-seçkiliyə yol verilməsi qadağan ediləcək.
Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək münasibətlərində ailə vəzifələri səbəbindən işçilər arasında ayrı-seçkilik etmək, həmin amillər əsasında bilavasitə və ya dolayısı ilə imtiyazlar və güzəştlər müəyyən etmək, habelə hüquqlarını məhdudlaşdırmaq qəti qadağan ediləcək.
Qeyd olunur ki, əlilliyi olan şəxslərə və ailə vəzifələri olan işçilərə əmək münasibətlərində müəyyən edilən imtiyazlar, güzəştlər və əlavə təminatlar ayrı-seçkilik hesab edilməyəcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
