Azərbaycan.media xəbər verir ki, müharibə əlilləri və şəhid ailələrinin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı sənədlərə görə dövlət rüsumundan azad edilməsi nəzərdə tutulur.
Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişikliklər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrinə aiddir və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı sənədlərə görə tutulan dövlət rüsumlarının dərəcələrini tənzimləyir.
Bu rüsumlara daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatı, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər daxildir.
Təklif olunan dəyişiklik müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə bağlı, hərbi xidmət vəzifələrini yerinə yetirməklə (o cümlədən Çernobıl AES-də xidmətlə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, həmçinin şəhid ailəsi statusu almış şəxslərin göstərilən xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.
Qeyd olunur ki, bu addım sosial cəhətdən həssas əhali kateqoriyasına aid olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
