🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Maliyyə institutlarına məlumat və sənədlərin verilməsi qaydası dəyişir – Vergi Məcəlləsinə düzəliş

Azərbaycan.media xəbər verir ki, maliyyə institutları və digər şəxslər tərəfindən məlumatların və sənədlərin verilməsi qaydasının dəyişdirilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Dəyişiklik layihəsində qeyd olunur ki, Azərbaycan Respublikası 26 fevral 2013-cü il tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”una qoşulub. Bununla da ölkəmiz məlumat mübadiləsi sahəsində İƏİT tərəfindən müəyyən edilən beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirak etməyi öhdəsinə götürüb.

İƏİT-in müəyyən etdiyi əsas beynəlxalq standartlardan biri ölkələr arasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsini tənzimləyən Ümumi Hesabatlılıq Standartıdır. Bu standartın Azərbaycanda tətbiqi məqsədilə Prezidentin 3 may 2017-ci il tarixli Sərəncamına əsasən ölkəmiz “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulub, Vergi Məcəlləsinə müvafiq müddəalar əlavə edilib, eləcə də Nazirlər Kabinetinin qərarı ilə müvafiq qaydalar təsdiq olunub.

Qlobal Forum tərəfindən 2020-ci ildən etibarən Standartın tətbiqi istiqamətində ölkələrin qiymətləndirilməsinə başlanılıb. Qiymətləndirmə zamanı Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlara tam uyğun olmadığı müəyyən edilib və bir sıra tövsiyələr verilib.

Məlum olub ki, maliyyə hesablarının açılması zamanı maliyyə institutlarının məlumat və sənədləri toplamaq öhdəliyi Vergi Məcəlləsində nəzərdə tutulsa da, hesab açmaq üçün müraciət edən şəxslərin bu məlumatları təqdim etmək, dəyişiklik olduqda yeniləmək və düzgün olmayan məlumatlara görə məsuliyyət daşımaq öhdəlikləri kifayət qədər əhatə olunmayıb. Bu səbəbdən daxili qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə edilib.

Bu tövsiyələrin icrası məqsədilə Vergi Məcəlləsinə 76-1.2-ci və 76-1.3-cü maddələrin əlavə edilməsi təklif olunub. Dəyişikliklərə əsasən, şəxslər maliyyə institutlarında hesab açarkən dürüst məlumat və sənədlər təqdim etməli, təqdim edilmiş məlumatlarda dəyişiklik baş verdiyi halda isə bunu 30 gün müddətində maliyyə institutuna bildirməlidirlər.

Qanun layihəsinin qəbulunun Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə, davam edən qiymətləndirmə prosesində yüksək reytinq əldə olunmasına, ölkəmizin etibarlı mübadilə tərəfdaşı kimi beynəlxalq nüfuzunun qorunmasına və daxili qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradacağı bildirilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.