Azərbaycan.media xəbər verir ki, məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik edilməsi nəzərdə tutulur.
Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı kateqoriyadan olan işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilməsi nəzərdə tutulur:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmət vəzifələrini icra etməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;
– Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;
– Döyüş əməliyyatları aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;
– Azərbaycan Respublikasının ən yüksək dövlət təltifləri ilə təltif olunmuş işçilərə.
Qeyd edək ki, müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
