Azərbaycan.media xəbər verir ki, Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində məktəbdə yeniyetmə tərəfindən bıçaqlı hücum həyata keçirilib.
Rusiya mediasına istinadla verilən məlumata görə, hadisə Odintsovo rayonunda yerləşən məktəblərdən birində baş verib. Yeniyetmə şagirdlərə bıçaqla hücum edərək bir neçə nəfəri yaralayıb, həmçinin bir nəfəri girov götürüb. Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, məktəbdəki şagirdlər təxliyə edilib.
Yerli onlayn qrupların məlumatına əsasən, hücum edən şəxs sinif otağında özünü kilidləsə də, polis əməkdaşları onu sakitləşdirərək zərərsizləşdirə bilib. Rusiya İstintaq Komitəsi hücum nəticəsində 10 yaşlı bir şagirdin həyatını itirdiyini açıqlayıb.
NTV telekanalının məlumatına görə, hücumdan sonra yeniyetmə arxa planda qətlə yetirilən 10 yaşlı uşaqla selfi çəkdirib. Bildirilir ki, hücumçunun üzərində zorakılığı, terrorizmi və bəşəriyyətin məhvini təbliğ edən qrupla əlaqələndirilən “Heç bir həyat əhəmiyyətli deyil” yazılı köynək olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
