Azərbaycan.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusu tərəfindən aldadılaraq müharibə zonasına göndərilmiş 36 yaşlı Keniyalı yüngül atlet Evans Kibeti əsir götürüb.
Keniyalı idmançı başına gələnlərlə bağlı ABC News-a müsahibə verib. O bildirib ki, peşəkar atlet olsa da, idmandan qazancı ailəsini dolandırmaq üçün kifayət etmədiyindən xaricdə iş imkanları axtarmağa başlayıb.
Evans Kibet deyib ki, ona guya ödənişli idman festivalında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə getmək təklif olunub. Bu təklifi ailəsinə maddi dəstək olmaq üçün yaxşı fürsət hesab edib.
Onun sözlərinə görə, Rusiyaya çatdıqdan sonra ona və digər afrikalı şəxslərə vizanın uzadılması üçün rus dilində hazırlanmış sənədlər imzalatdırılıb. Kibet qeyd edib ki, sənədlərin məzmunu onlara izah olunmayıb və sonradan məlum olub ki, bu sənədlər Rusiya ordusunda hərbi xidmətə dair müqavilələrdir.
Keniyalı atlet bildirib ki, müqaviləni imzaladıqdan qısa müddət sonra pasportu əlindən alınıb və o, hərbi poliqona aparılıb. Təxminən bir həftəlik ilkin hazırlıqdan sonra isə Kibet və digər xarici vətəndaşlar birbaşa cəbhə xəttinə göndəriliblər.
Nəticədə Evans Kibet Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Hadisə Rusiyanın müharibədə xarici vətəndaşları aldatmaqla hərbi əməliyyatlara cəlb etməsi ilə bağlı iddiaları bir daha gündəmə gətirib.
