Azərbaycan.media xəbər verir ki, hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.
Bu səbəbdən Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha xatırladıb.
Nazirliyin müraciətində bildirilib ki, dağlıq ərazilərdə yaşayan və ya həmin bölgələrə səfər edən şəxslər şaxtalı hava şəraitində mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, zərurət yarandıqda isə hərəkət istiqamətləri barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalıdırlar. Avtomobillə hərəkət zamanı nəqliyyat vasitəsinin texniki vəziyyətinin mövsümə uyğunluğu təmin edilməli, kifayət qədər yanacaq ehtiyatı olmalıdır.
Qar uçqunu ehtimalı olan ərazilərdən, xüsusilə dik yamaclardan uzaq durmaq, qaranlıq düşməmiş yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Eyni zamanda, soyuq hava şəraiti ilə əlaqədar qaz və elektrik qızdırıcı cihazlarından istifadənin artdığı qeyd edilərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcılar nəzarətsiz qoyulmamalıdır.
Nazirlik vətəndaşları diqqətli olmağa çağıraraq bildirib: “Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!”
Qeyd edilib ki, hər hansı təhlükə zamanı dərhal “112” qaynar xəttinə zəng etmək lazımdır.
