Azərbaycan.media xəbər verir ki, Misli Premyer Liqasının XV turu çərçivəsində “Qarabağ” evdə “Araz-Naxçıvan”ı böyük hesabla məğlub edib.
“Azərsun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Toral Bayramov (30 və 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.
“Araz-Naxçıvan”ın heyətində isə yeganə qolu 76-cı dəqiqədə penaltidən Ramon Maçado vurub.
Bu nəticədən sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin lideri mövqeyini möhkəmləndirib. 23 xala malik “Araz-Naxçıvan” isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”ni 2:1, “Sabah” “Turan Tovuz”u 3:1, “Kəpəz” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. XV tura dekabrın 15-də yekun vurulacaq.
