Azərbaycan.media xəbər verir ki, bu gün səhər saatlarından Qobustana yağan qar və şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.
Təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb. Qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası buzlaşan hissələri təmizləyib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
AAYDA-nın baş mühəndisi Həsən Məmmədli bildirib ki, əməkdaşlar gecə və səhər saatlarında yolboyu xidmət göstəriblər və hazırda paytaxtdan Şamaxıya və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur. Yol tam açıqdır və idarənin əməkdaşları növbəli şəkildə ərazidə xidmətdədirlər.
Baş mühəndis əlavə edib ki, ehtiyac yarandığı halda dərhal müdaxilə olunacaq, kifayət qədər duz-qum ehtiyatı və xüsusi texnika mövcuddur.
Qeyd olunub ki, axşam saatlarında bölgədə yenidən qar yağacağı və havanın şaxtalı keçəcəyi üçün yolların qismən buzlaşma ehtimalı var. Sürücülərə gecə saatlarına planlaşdırılan səfərləri gündüz vaxtlarına keçirmələri tövsiyə olunur.
