Azərbaycan.media xəbər verir ki, Çilidə prezident seçkilərinin ikinci turu çərçivəsində üç mindən çox seçki məntəqəsi açılıb. “Report”un xarici KİV-ə istinadən məlumatına görə, seçici fəallığının 85%-ə qədər olacağı gözlənilir.
Seçicilər üçün səsvermə ölkədə məcburi hesab olunduğundan, iştirak etməyənlər 100 min pesodan çox cərimə ödəməli ola bilərlər.
Ali vəzifə uğrunda siyasi spektrin əks qütblərindən olan iki namizəd mübarizə aparır. Birinci turda qalib gələn Canetyi Xara hakim mərkəz-solçu “Çili üçün birlik” koalisiyasını təmsil edir. Onun proqramında əmək şəraitinin yaxşılaşdırılması, kiçik biznesin dəstəklənməsi, sərhəd nəzarətində ordunun iştirakı, pensiyaların artırılması, elektrik xərclərinin azaldılması və on minlərlə yeni evin tikilməsi vəd olunub.
Əsas rəqibi isə sağçı ultramühafizəkar Respublika Partiyasının lideri, Avqusto Pinoçetin davamçısı və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Xose Antonio Kastdır. Kast korporasiyaların mənfəət vergisini azaltmaq, dövlət xərclərini ixtisar etmək və sərhəd nəzarətini gücləndirmək vəd edir. Onun kampaniyası cinayətkarlıq və miqrasiya ilə mübarizədə Trampın strategiyasına əsaslanıb.
Birinci turda Canetyi Xara səslərin 26,85%-ni, Xose Antonio Kast isə 23,92%-ni qazanıb.
