Hindliləri heyran qoyan Rəşid Behbudov…-Fuad Biləsuvarlı yazır

Rəşid Behbudov – 110 

 

Yatsam da, yuxuma gəlməzdi ki, mən nə vaxtsa, dünya şöhrətli bu böyük sənətkar haqqında yazı yazmağa özümdə cürət tapacağam. Bu, mənə göydəki ulduzlar qədər əlçatmaz görünürdü. Hər dəfə onun səsi və sənətinə dair düşüncələr ağlıma gələndə, ürəyimdə bir heyranlıq və qorxu hissi yaranırdı ki, bəlkə də bunu sözlə ifadə etmək mümkün olmayacaq. Amma üstündən illər keçəndən sonra bu möcüzə baş verdi. Özümdə nəhayət ki, belə bir cürət tapdım. Onun ecazkar sənət dünyasına baş vurdum və hər bir anını böyük ehtiramla qarşıladım.

Rəşid Behbudovun atası Məcid Behbudov dövrünün ziyalılarından idi. Rəşid Behbudov ziyalı bir ailədə dünyaya göz açmışdı. Atası əslən Şuşadan olan Məcid Behbudov tanınmış ziyalılardan idi və Tiflisdə yaşayırdı. Elə anası da Azərbaycanda çox məşhur olan ziyalı bir nəslin – Qazax mahalından Vəkilovlar ailəsindən idi. Bu ailə həm dərin bilikləri, həm də yüksək mədəniyyət dəyərləri ilə seçilirdi. Belə bir ziyalı ailədə doğulan üç övladın üçü də özünü mədəniyyətə, incəsənətə həsr etmişdi. Ənvər bəy də, Nəcibə xanım da sənət adamı idilər. Ənvər bəy məşhur rejissor, Nəcibə xanım isə “Əməkdar artist” tituluna layiq görülmüşdü.

Bəs Rəşid bəy?! Onun da çox gözəl, ürəyəyatan şirin səsi vardı. Oxuyanda bu səsi eşidənlər heyranlıqlarını gizlədə bilmirdilər. Hər kəsin qulağı, sanki, onun səsinə alışır və ruhu bu səsin hər bir titrəməsi ilə coşurdu. Heç kəs bilmirdi ki, indi qarşılarında bir həvəskar kimi oxuyan bu gənc, yaxın gələcəyin dünyaya səs salan, ecazkar səsi ilə dünyanı dolaşacaq bir müğənnisi olacaq…

Düzü, bu qeydləri qələmə almağa başlayanda Rəşid Behbudovun vaxtı ilə oxuduğu, həm də təkcə oxumadığı, sənətkarlığı ilə möhürünü vurduğu mahnılarından biri ilə başlamaq istədim. Radio və televiziyamızın qızıl fondunda saxlanılan, tez-tez səsləndirilən həmin mahnıları yadıma salmağa çalışdım: “Ey Vətən”, “Alagöz”, “Bakı”, “Azərbaycanım”, “Üzüyümün qaşı firuzədəndir”, “Anacan, dostum evlənir”, məşhur “Ana” mahnısı… Və etiraf edirəm ki, seçim etməkdə çox çətinlik çəkdim. Bu əvəzsiz mahnıların hər birinə o, öz ifası ilə elə möhür vurub ki, zaman keçsə də, onlar bir daha elə oxunmayacaq, o səviyyədə səslənməyəcək.

Rəşid Behbudov sənəti belə möcüzəli bir sənətdir. Hər ifasında onun ruhu, səsi, emosiya dolu ifadəsi hiss olunur. Nəhayət, qərara aldım ki, elə məşhur “Arşın mal alan” operattasından Əsgərin ariyası ilə başlayım. Bu ariyada musiqi sərrafı böyük Üzeyir bəy Hacıbəylinin ruhu yaşayır. Rəşid Behbudov da ecazkar ifası, məlahətli səsi ilə ona xüsusi bir rəng qatır. Dünyanın altmışdan çox ölkəsində səslənən ayrı-ayrı millətlərin nümayəndələrini də ofsunlayan bu opera, əvəzsiz, heç zaman solmayacaq sənət incilərimizdəndir. Üzeyir bəyin də, Rəşid Behbudovun da ruhu şad olsun!

1943-cü ildə artıq ifaları ilə tanınan, səsi ilə ürəkləri oxşayan Rəşid Behbudovun “Arşın mal alan” filmində baş rola dəvət alması, mənə elə gəlir ki, gələcək ən böyük uğurların başlanğıcı idi. Rəşid Behbudov təkcə bənzərsiz səsi ilə deyil, həm də öz gözəl siması ilə səhnəyə çox yaraşırdı. Qeyd edim ki, digər rolların ifaçıları da çox böyük ustalıqla bir-birini tamamlayırdılar. “Arşın mal alan” filmi dünya səhnələrini dolaşdı. Rəşid Behbudov bu ifası ilə təkcə uca yaradanın ona qismət elədiyi ecazkar səsi ilə deyil, həm də bir aktyor kimi də əvəzsiz olduğunu təsdiq elədi.

Rəşid Behbudov bu filmdəki Əsgər roluna görə yüksək Stalin mükafatına layiq görüldü. Rəşid Behbudov sənət meyarlarına qarşı çox tələbkar idi. O, hər mahnını oxumurdu. Oxuduğu mahnılar isə mədəniyyət tariximizə yazılırdı, həmişə müasir idi. Onun ifasında səslənmiş elə mahnılar var ki, gündə on dəfələrlə dinləsən də, yenə o ifanı dinləməyə ehtiyac duyursan. Telman Hacıyevin “Lalələr”i, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir” mahnıları, xalq mahnısı “Bu gün ayın üçüdür” və başqaları belə mahnılardır.

Rəşid Behbudov öz möcüzəli sənəti ilə yüksək fəxri adlara layiq görülmüşdü, orden-medallarla təltif olunmuşdu. Azərbaycanın “Əməkdar artisti”, SSRİ Xalq artisti idi. İttifaq və Azərbaycan Dövlət Mükafatlarını almışdı. Sosialist Əməyi Qəhrəmanı idi. Azərbaycanı bir çox dünya miqyaslı tədbirlərdə ləyaqətlə təmsil etmişdi.

Dünya şöhrətli Rac Kapurla onu möhkəm dostluq telləri bağlayırdı. Onların hər ikisinin sənəti heç vaxt təkrarlanmayacaq bir möcüzə idi. Rəşid Behbudov təkcə mahnılarını deyil, digər xalqların, hətta hind mahnılarını da gözəl oxuyurdu. Hindistan səfərində öz dillərində Rəşid Behbudovun ifasında səslənən mahnılar hindliləri heyran qoymuşdu. Onlar etiraf etmişdilər ki, Rəşid Behbudov hind mahnılarını hindlilərdən yaxşı oxuyur.

“Məncə, əlavə şərhə ehtiyac qalmır…” Rəşid Behbudovun “Bəxtiyar” filmindəki Bəxtiyar rolu da əsl sənət nümunəsidir. Həm aktyor, həm də müğənni kimi bu rolda Rəşid Behbudov sənəti bir-birini gözəl tamamlayır. Rəşid Behbudov əlli beş illik səhnə fəaliyyəti ilə Azərbaycan və dünya mədəniyyəti üçün misilsiz sənət inciləri qoyub getdi.

Bu nadir şəxsiyyət milyon-milyon pərəstişkarlarının xatirələrində həmişə belə yaşayır, belə də qalacaq. Çünki əsl sənət heç vaxt solmur!

 

 

 

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı

 

Mənbə: Azərbaycan.media