Ərdoğan Putinlə görüşün detallarını açıqladı: Müharibə çoxdan bitməli idi

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Türkmənistanda baş tutan görüşünün detallarını açıqlayıb.

Prezident Ərdoğan Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada Putinlə görüşünün çox məhsuldar, əhatəli və dərin müzakirələrlə yadda qaldığını bildirib.

Onun sözlərinə görə, görüş zamanı Rusiya liderini Türkiyəyə istənilən vaxt səfər etməyə dəvət edib və mümkün qədər tez bir araya gəlməyin vacibliyini vurğulayıb. Vladimir Putinin isə bu dəvətə müsbət yanaşaraq, “Vədimə əməl edəcəyəm” dediyini qeyd edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə–Rusiya münasibətləri qısamüddətli maraqlara deyil, dərin tarixi köklərə, güclü diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır. Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu müharibə və sülh səyləri olub.

“Cənab Putin də bütün aktorlar kimi Türkiyənin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini çox yaxşı bilir. Biz hesab edirik ki, bu müharibə çoxdan bitməli idi və bunu bütün həmkarlarımıza açıq şəkildə bildiririk”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Rusiya–Ukrayna münaqişəsinə toxunan Ərdoğan bildirib ki, bu prosesdə ABŞ Prezidenti Donald Tramp da fəal iştirak edir. Onun sözlərinə görə, Türkiyə ABŞ-ı sülh istiqamətində təşviq edir, xarici işlər naziri Hakan Fidan isə amerikalı tərəfdaşlarla daim əlaqə saxlayır.

Ərdoğan əlavə edib ki, Putinlə görüşdən sonra ABŞ Prezidenti Donald Trampla da sülh planını müzakirə etməyi hədəfləyir: “Sülh uzaqda deyil, biz bunu görürük. Qara dəniz döyüş meydanına çevrilməməlidir. Belə bir vəziyyət yalnız Rusiya və Ukraynaya zərər verər. Hər kəsin Qara dənizdə naviqasiya təhlükəsizliyinə ehtiyacı var və bu təmin edilməlidir”.