DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlərlə bağlı açıqlama yayıb

Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi texniki vasitələrdən istifadə etməklə qəbul imtahanına daxil olan abituriyentlərlə bağlı məsələyə münasibət bildirib.

DİM-in yaydığı məlumata görə, həmin abituriyentlərin cavabları imtahan nəticələrinin emalı zamanı tətbiq olunan xüsusi yoxlama alqoritmləri əsasında şübhə doğurduğu üçün ümumiyyətlə elan edilməyib. Nəticə səhifələrində isə “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi yerləşdirilib.

Qurumdan bildirilib ki, sonradan şübhə doğuran məqamlarla bağlı bütün materiallar araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Aparılan araşdırmalar nəticəsində həmin şəxslərin qanunsuz əməlləri üzə çıxıb və materiallar istintaqa göndərilib.

Qeyd edilib ki, abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və bir təhsil eksperti buraxılış və qəbul imtahanları zamanı abituriyentlərə test tapşırıqlarını cavablandırmaq məqsədilə gizli informasiya ötürülməsi üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlayıb. Həmin vasitələr ümumilikdə 15 nəfər abituriyentin üzərində quraşdırılaraq imtahanlarda onlara kömək göstərilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb. Toplanmış sübutlar əsasında onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satışı və satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə kurs rəhbəri barəsində həbs, təhsil eksperti barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.