Polkovnik Ramil Səfərov Heydər Əliyevin anım tədbirində görüntüləndi

Azərbaycan.media xəbər verir ki, polkovnik Ramil Səfərovun fotosu dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbiri zamanı çəkilib.

Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Ramil Səfərov 2004-cü ilin yanvarında Azərbaycan Ordusunun baş leytenantı kimi NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində təşkil olunan 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Həmin kursda iştirak edən iki erməni zabitin Ramil Səfərova mənəvi təzyiq göstərdiyi və onu aqressiv davranışa təhrik etdiyi bildirilir. Nəticədə 2004-cü il fevralın 19-da — vətənə qayıtmasına 20 gün qalmış — Ramil Səfərov kurs iştirakçısı olan Qurqen Markaryan adlı erməni zabiti Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.

Elə həmin gün Budapeştin hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Ramil Səfərov Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Azərbaycan tərəfinin Macarıstanla apardığı danışıqlardan sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunub və Azərbaycan Prezidentinin həmin tarixli sərəncamı ilə əfv edilib. 1 sentyabr 2012-ci ildə ona mayor rütbəsi təqdim edilib.

Ramil Səfərov 2012-ci ilin oktyabrında ailə həyatı qurub. Hazırda bir qızı və bir oğlu var. 2017-ci ildə ona polkovnik-leytenant rütbəsi verilib, bir neçə ay əvvəl isə polkovnik rütbəsinə yüksəlib.