Bir varaqla tarixləri, utan, mənim qarşımda… (Şeirlər) – Səməd VURĞUN

Yandırılan kitablar

 

İran irticaçıları Azərbaycan dilində olan kitabları vəhşicəsinə yandırırlar

 

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.

Min kamalın şöhrətidir, min ürəyin arzusu…

 

Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!

O alovlar şölə çəkib şəfəq salır zülmətə…

Şairlərin nəcib ruhu məzarından qalxaraq,

Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,

O alovlar şölə çəkib şəfəq salır zülmətə…

 

Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,

De, onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var…

Hər şikəstəm övladıdır bir müqəddəs diləyin,

De, onları heç duydumu sənin o daş ürəyin?

 

Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?

Qoşa Şərqin şöhrətidir Füzulinin qəzəli!

Sənmi “türkəxər” deyirsən ulusuma, elimə?

Dahilərə süd vermişdir Azərbaycan gözəli…

Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!

 

Cəllad! Yanıb od olsa da, külə dönməz arzular.

Təbiətin ana qəlbi qul doğmamış insanı!

Hər ürəyin öz dünyası bir səadət arzular,

Qanlar ilə yazılmışdır hər azadlıq dastanı…

Təbiətin ana qəlbi qul doğmamış insanı!

 

Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq…

Hər torpağın öz eşqi var, hər millətin öz adı.

Kainata dəyişmərəm şöhrətimi bir anlıq,

Mənəm Odlar ölkəsinin günəş donlu övladı!

Hər torpağın öz eşqi var, hər millətin öz adı!

 

Nədir o dar ağacları, de, kimlərdir asılan?

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.

Boğazından yapışacaq onun qadir pəncəsi,

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Cəllad!  Sənmi, de, qırırsan fədailər nəslini?

Millətimin saf qanıdır qurd kimi içdiyin qan!

Zaman gəlir… Mən duyuram onun ayaq səsini;

Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.

Millətimin saf qanıdır qurd kimi içdiyin qan!..

 

Bir varaqla tarixləri, utan, mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda.

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Sür atını, dördnala çap! Meydan sənindir… ancaq,

Mən görürəm al geyinib gələn bahar fəslini…

Qoca Şərqin günəşidir yarandığım bu torpaq,

Mən yetirdim al bayraqlı inqilablar nəslini,

Mən görürəm al geyinib gələn bahar fəslini!

 

1947

 

 

Təbriz gözəlinə

 

Çox da fikir vermə danışıqlara,

Bilirəm ürəyin mənə bağlıdır.

Nədir o başına örtdüyün qara?

Bizim ki, eşqimiz bir el nağılıdır!

 

Bilirəm, ən şirin röyalardasan,

Deyirsən, sevgilim gəlirmi ora?!

Xəyalım əyilib, öpür əlindən,

Güllü yaylığınla çıxırsan yola.

 

Nədir bu həsrətin adı, ünvanı?

Baisin evində çıraq yanmasın!

Ah Araz, ah Araz vədəmiz hanı?

Bir ürək ikiyə parçalanmasın!

 

Ayırdı bir vurğu əzəldən bizi,

Parladı şahların qan rəngli tacı.

Sıxlaşan bir duman aldı Təbrizi

Fələk bəxtimizə baxdı qıyqacı.

 

Anan vərəmlədi, yoxsul yuvada,

Soyuq bir məzarı əlinlə qazdın.

Baban öküzüylə öldü tarlada,

Bütün bir tarixi sinənə yazdın.

 

Mən də bu yolları keçmişəm, sonam.

Mənim də çox dərdli bir keçmişim var.

Təbibsiz-dəvasız can verdi anam,

Yaslı köynəyini geyindi dağlar.

 

Demək ki, dərdimiz, sərimiz birdir,

Həyatın qızıdır məhəbbətimiz.

Oturub diz-dizə günləri bir-bir,

Sayıb hesablayaq yaşımızı biz.

 

Olub, keçənlərə gəl qələm çəkək,

Dünən bu gün üçün bir yadigardır.

Bilirəm sevgilim, bilirəm gerçək,

Sizdə qış günüdür, bizdə bahardır.

 

Odur bax o qıza, bax o gəlinə,

Baxdıqca qaynayır insanın qanı.

Azadlıq bayrağın alıb əlinə,

Günəş salamlayır Azərbaycanı!

 

Gözlərin dolmasın, dayan bir az da

Qəlbin də, sevgin də, dərdin də haqdır.

Azadlıq bayrağı güllü bir yazda

Təbrizin üstündə parlayacaqdır!

 

O bayram gününə inanıram mən,

Araz yol verəcək üstündən bizə.

Qızımın, oğlumun tutub əlindən,

Qonaq gələcəyəm qoca Təbrizə!..

 

 

Körpünün həsrəti

 

Araz qırağında dayandı qatar,

Elə bil qəlbim də dayandı bir dəm…

Sıxlaşdı göydəki seyrək buludlar,

Deyəsən, başıma dolandı aləm.

 

Başlar uzanmışdır pəncərələrdən,

O taya, bu taya boylanır hamı.

Yanımda sevgilim ağlayıb hərdən,

Deyir ki, “ah, Araz, tut ilticamı,

Mənim Sara bacım indi hardadır?

İyirmi ildir ki, uzaqlardadır”.

 

Araz dağlar yarıb, qayalar dəlir,

Zamanın fikri tək axır sürətlə.

Qayalı dağlar da salama gəlir,

Elə bil baş əyir ona hörmətlə.

 

O tayda gördüyüm çardaqlı damlar

Xəyalı küsdürür bu kainatdan.

Gəzir kənd yanını seyrək adamlar,

Sanki baş götürüb gedir həyatdan…

 

Həyətlər bomboşdur, qapılar bağlı,

Evlər üz döndərmiş biri-birindən.

Torpaq nalə çəkir sinəsi dağlı,

Bir tüstü qalxmayır ocaq yerindən.

 

Kəndin üstündəsə bir qəbristanlıq

Qərq olur göylərin göz yaşlarına.

Yaşaran gözlərim baxır bir anlıq

Əyilmiş, yıxılmış baş daşlarına.

 

“Qayalı dağı”da duman almışdır,

O, dünya görmüşdür… Yaxşı bax ona!

Nə qədər cənazə yola salmışdır

Bir şəhər boydakı o qəbristana!..

 

Ah, ürək duyduqca bu səhnələri,

Adətim olmuşdur alışıb yanmaq.

Yanğına düşmüşdür könlüm şəhəri,

Böyük bir dərd imiş şair yaranmaq!

 

Şairim! Bu sözlər qalsın bir yana

Yaş ötür… qayıtma ricətlərə sən!

Bir şeir bağışla Azərbaycana,

Araz üstündəki bir daş körpüdən!

 

Qurmuş bu körpünü bir memar əli

Baş-başa çatılmış tağlar üstündə.

Xilqətdən yaranmış onun təməli,

Dayanmış qayalar, dağlar üstündə.

 

Kim bilir neçədir körpünün yaşı,

Şahidi min bahar, bəlkə min qışdır!

Fəqət bir kərpici, sadə bir daşı

Hələ öz yerindən oynamamışdır…

 

Toplar, topxanalar keçmiş üstündən,

Hələ daş sütunlar durur vüqarla.

Körpü Araz üstə düşdüyü gündən

Şir kimi döyüşür sərt dalğalarla.

 

Üzünə gün düşüb, şəfəq güləndə

Kərpici bir yaqut kimi qızarır.

Üstünə dağlardan duman gələndə

Sərt qayalar kimi o da bozarır.

 

Deyirlər, qış ağır gələndə tək-tək,

Körpünün üstündə tar bağlayır qar.

Qaranlıq yol salır yerdən göyədək,

Bir canavar kimi ulayır rüzgar.

 

Gözüm körpüdədir… Dayanmış qatar,

Elə bil saxlayır o bizi qəsdən.

Hanı zınqırovlu-yüklü karvanlar?

Bir quş da keçməyir körpünün üstdən…

 

Axşam qəribliyi dağlardan enir,

Sakit dərələrə bir həsrət çökür.

Araz gah parlayır, gah kölgələnir,

Bəzən də hıçqırır o hönkür-hönkür.

 

Gözüm körpüdədir… Dayanmış qatar,

Elə bil o qəsdən saxlayır bizi.

Körpünü basmışdır yabanı otlar,

Nə cığır görünür, nə ayaq izi…

 

Kim bilir, kim bilir, nə vaxtdan bəri

Bir insan keçməyir bu daş körpüdən

Elə bil yol çəkir onun gözləri,

Fəqət nə gələn var, nə də bir gedən.

 

O kimdir? Gözümə görünür bu dəm?

Kimdir o ixtiyar? Xəyaldır, nədir?

Yox, yox, o nə xəyal, nə əfsanədir,

Gördüyüm insandır, gözlərində qəm…

 

Çatıb qaşlarını körpüyə baxır,

Qəlbində dağ boyda sözümü vardır?

Başından tüstülər, dumanlar qalxır,

Cansız əlləri də qabar-qabardır…

 

Bildim, o memardır… O yaradandır.

Yaxın gəl, oxucum, bax əllərinə!

O Araz üstündə xeyli zamandır

Ağlayır xar olmuş əməllərinə…

 

1948