Azərbaycan.media kollektivi olaraq qələm dostumuzu, dəyərli şairəmiz Aysel Xanlarqızını doğum günü münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, ailə səadəti və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Sevimli şairəmizin ad günü münasibətilə oxucularımıza Aysel Xanlarqızının “Səndən sonra” adlı şeirini təqdim edirik.
Səndən sonra…
Hekayəm kitabdan qopub, itib, bax,
Dərisi qalıbdır ruhumun, Allah.
Gecənin gözündə yumulur sabah,
Qaranlıq qalıram, mən səndən sonra.
Qarışıb rəflərin tozlu gözünə,
Oxucu itirmiş nağılam yenə.
Dərdi səcdə edib sənsiz özümə,
Həsrəti qılıram, mən səndən sonra.
Allahın verdiyi əzab tək səni,
Sevirəm, sevgimin yox sevgi dini.
Kilsə ayinində, bir bazar günü,
Qeybə çəkilərəm, mən səndən sonra.
Bir kəbin kəsdirib bu günahlara,
“Bismillah” sözüylə ucallam yara.
Kəlmeyi-şəhadət verib səhərə,
Minbərdən doluram, mən səndən sonra.
Günəşə sitayiş edən torpaqtək,
Sevgi alovuna təzimdə ürək.
Sırat vağzalında biletimlə tək,
Cəhənnəm olaram, mən səndən sonra…
Müəllif: Aysel Xanlarqızı
Mənbə: Azərbaycan.media
