Azercell uşaqlarda sosial məsuliyyət və ekoloji düşüncənin formalaşmasına töhfə verir

Azərbaycan.media xəbər verir ki, Azercell-in dəstəyi, Azərbaycan Beynəlxalq Məktəbi (TISA) və Roller Bird nəşriyyat evinin tərəfdaşlığı ilə hazırlanan “Sən onları görməmisən?” adlı kitabın təqdimatı 5 dekabr tarixində keçirilib.

Məktəblilərin apardığı araşdırmalara əsaslanan nəşr Azərbaycan faunasının nadir və təhlükə altında olan canlılarından biri — Xəzər suitisinin qorunmasına həsr olunub. Layihənin əsas məqsədi uşaqlarda ətraf mühitə qarşı həssaslığın və sosial məsuliyyət hissinin erkən yaşlardan formalaşdırılması, eyni zamanda mütaliə və yaradıcı düşüncə bacarıqlarının inkişafına dəstək verməkdir.

TISA-da baş tutan təqdimat zamanı şagirdlər Xəzər hövzəsində yaşayan nadir canlılarla bağlı ekoloji problemləri diqqətə çatdırıblar. Onlar layihənin təbiətin mühafizəsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər. Uşaqlar təşəbbüsün reallaşdırılmasına göstərilən dəstəyə görə Azercell-ə təşəkkür edərək, bu layihəni ekoloji maarifləndirmə baxımından dəyərli təcrübə kimi qiymətləndiriblər.

Nəşrin daha geniş oxucu auditoriyası üçün əlçatan olması məqsədilə kitab Azərbaycan və ingilis dillərində çap edilib.

Qeyd edək ki, “Sən onları görməmisən?” kitabı ilk dəfə bu il Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Maarifləndirici təsirini artırmaq məqsədilə kitabın Azərbaycanın bütün bölgələrində yerləşən məktəblərə paylanması nəzərdə tutulur.