Ermənistanın taxıl idxalında Rusiyanın payı 99,8 faizə çatıb

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə Ermənistan təkcə Rusiyadan deyil, eyni zamanda keçmiş postsovet məkanının digər ölkələrindən də taxıl idxal edib.

Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi açıqlama yayıb. Bildirilib ki, 2025-ci ilin yanvar–noyabr aylarında Ermənistana idxal olunan taxılın əsas hissəsi Rusiyanın payına düşüb. Belə ki, bu dövrdə Rusiyadan tədarük olunan taxıl ümumi idxalın 99,8 faizini və ya 366,4 min tonunu təşkil edib. Qalan 0,2 faiz həcmində, yəni 1731,23 ton taxıl isə digər ölkələrdən gətirilib.

Məlumata əsasən, buğda əsasən Qazaxıstan, Belarus və Avstriyadan (1195,6 ton), arpa Avstriya, Almaniya və İtaliyadan (1,93 ton), qarğıdalı isə Gürcüstan, Qazaxıstan, Ukrayna, Fransa və Avstriyadan (533,7 ton) idxal olunub.

Qeyd olunub ki, Ermənistanın taxıla olan orta illik tələbatı təxminən 660 min ton təşkil edir. Bunun 460 min tonu buğdanın, 106 min tonu arpanın, 93 min tonu isə qarğıdalının payına düşür.