“Modern Hospital” Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

Azərbaycan.media xəbər verir ki, ölkəmizdə ekoloji problemlərlə mübarizə, yaşıllıqların qorunması və artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə müxtəlif müəssisə və təşkilatlar da kollektiv şəkildə qoşularaq töhfə verməyə davam edir.

Bu istiqamətdə davamlı təşəbbüslərlə çıxış edən “Modern Hospital” kollektivi 12 dekabr 2025-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əkilən yaşıl ümidlərlə, gələcəyimizə işıq olaq!” devizi altında ağacəkmə aksiyası təşkil edib.

Aksiyada “Modern Hospital”ın rəhbəri Dr. Taryel Ömərovun başçılığı ilə 50-dən çox həkim, tibbi və inzibati heyət üzvü iştirak edib.

Tədbirlə bağlı çıxış edən Dr. Taryel Ömərov bildirib ki, bu aksiya Ulu Öndərin xatirəsinə həsr olunmuş “Hərəyə Bir Ağac Əkək” layihəsinin davamıdır. Onun sözlərinə görə, məqsəd təkcə ağac əkmək deyil, gələcəyə ümid, yaddaş və sağlam bir miras qoymaqdır.

Dr. Ömərov vurğulayıb ki, ağacəkmə aksiyası həm mənəvi, həm də simvolik məna daşıyır və Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə sağlam və yaşıl mühit ötürülməsi ilə bağlı ideyalarının davamıdır. Qeyd olunub ki, əkilən hər bir ağac “Modern Hospital” kollektivinin cəmiyyətə xidmət fəlsəfəsinin bir göstəricisi olacaq.

Aksiya çərçivəsində iştirakçılar təbiətin qorunmasının və ekoloji tarazlığın saxlanmasının vacibliyini bir daha vurğulayıb, bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.