FED-in faiz qərarı: dollar ucuzlaşacaq, qızıl və neft bahalaşa bilər

Azərbaycan.media xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsinin diapazonunu 0,25 faiz bəndi azaldaraq 3,5–3,75% aralığına endirib. Qərar təkcə ABŞ iqtisadiyyatı üçün deyil, həm də qlobal maliyyə bazarlarına, xüsusən də dolların gələcək dəyərinə ciddi təsir göstərəcək.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, faiz endirimi dolların müəyyən ucuzlaşmasına səbəb olacaq. Onun sözlərinə görə, dolların zəifləməsi ABŞ-da istehsal və idxal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq.

Ekspert qeyd edib ki, ucuz dollar fonunda qiymətli metallara maraq yüksələcək:

“Dolların ucuzlaşması qızıl və digər qiymətli metallara tələbi artıracaq. İnvestorlar daha sabit alətlərə üstünlük verəcəklər”.

Eyyub Kərimli həmçinin dolların zəifləməsinin neft bazarına da təsir göstərə biləcəyini bildirib:

“Hazırda neft qiymətləri güclü dollar fonunda formalaşır. Dolların ucuzlaşması iqtisadi dinamikanı və qlobal aktivliyi artıraraq neftə olan tələbi gücləndirə bilər. Faiz dərəcələrinin aşağı salınması ucuz dollar kreditlərinin genişlənməsinə şərait yaradacaq. Bu qərar həm ABŞ-da, həm də dünya iqtisadiyyatında aktivliyin artmasına müsbət təsir edəcək”.