Azərbaycan.media xəbər verir ki, bayram günləri yaxınlaşdıqca sosial həssas qruplara əlavə dəstək ayrılıb-ayrılmayacağı məsələsi yenidən ictimai müzakirələrə səbəb olub. Cəmiyyətdə xüsusilə aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi ilə bağlı gözləntilər olsa da, mövcud mexanizmlərin buna imkan verib-vermədiyi sual altındadır.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, hazırda Azərbaycanda bayram ərəfəsində sosial müavinət alan şəxslərə əlavə birdəfəlik yardım verilməsi praktikası mövcud deyil.
Onun sözlərinə görə, dövlət yalnız aylıq sosial ödənişləri həyata keçirir və bu mexanizmin bayram günləri üçün xüsusi şəkildə genişləndirilməsi planlaşdırılmır.
Ekspert əlavə edib ki, bəzi şirkətlər Yeni il ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və digər həssas qruplara könüllü şəkildə xeyriyyə dəstəyi göstərə bilərlər: “Lakin dövlət tərəfindən əlavə birdəfəlik ödənişlərin ayrılması hələlik gündəmdə deyil”.
