Prezident İlham Əliyev və ailə üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər 

Azərbaycan.media xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Liderin məzarı önünə əklil qoyub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli alim və akademik Zərifə Əliyevanın məzarını da ziyarət edərək gül dəstələri qoyublar. Fəxri xiyabanda tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri də ehtiramla anılıb.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki xidmətləri bütöv bir epoxanı əhatə edir. Onun siyasi uzaqgörənliyi, müstəqil Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması, ölkənin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi və ordu quruculuğunun möhkəmləndirilməsi xalqımızın yaddaşında silinməz iz buraxıb.

Azərbaycanın ağır dönəmlərində Heydər Əliyevin xilaskarlıq missiyası ölkəmizi böyük təhlükələrdən xilas edib, milli özünüdərk və dövlətçiliyin möhkəmlənməsinə təkan verib. Hər il minlərlə insanın Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət etməsi onun xatirəsinə xalqın əbədi ehtiramının göstəricisidir.

Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bu amal illər sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində gerçəkləşdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Ulu Öndərin dövlətçilik ideyalarının davamlılığını və uğurla həyata keçirilməsini əks etdirir.

Bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib, Azərbaycanı bölgənin aparıcı güclərindən birinə çevirib.

Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq onun müəyyən etdiyi yol ilə ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.