Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 10-da ABŞ-a təqdim edilən sülh planının hələ tamamlama mərhələsində olduğunu və yekun variant olmadığını açıqlayıb.
Dövlət başçısı bildirib ki, sülh təşəbbüsü bir neçə sənəddən ibarətdir və onların üzərində hələ iş aparılacaq. Planın məzmunu 20 maddəlik əsas sənədin necə qəbul olunmasından asılı olacaq.
Zelenski əlavə edib ki, təhlükəsizlik təminatları hazırlanmaqda davam edir və bu təminatlar real olmalı, Ukraynanın üçüncü dəfə Rusiya hücumuna məruz qalmaması üçün effektiv mexanizm yaratmalıdır.
Prezident qeyd edib ki, ABŞ planın qəbuluna konkret vaxt müəyyən etməyib, lakin Vaşinqton müharibənin mümkün qədər tez bitməsində maraqlıdır. Onun sözlərinə görə, hazırda Rusiya ciddi iqtisadi problemlərlə üzləşib və danışıqlarda fasiləyə ehtiyac duyur.
Zelenski bildirib ki, planın hazırkı layihəsində Ukrayna Silahlı Qüvvələrinin sayı 800 min hərbçi nəzərdə tutulur. O, həmçinin Rusiya tərəfinin əsir mübadiləsini ləngitdiyini və bunu ümumi siyasi razılaşmalar əldə etmək istəyi ilə izah edib.
