Azərbaycan.media xəbər verir ki, Astarada Xəzər dənizinə balıq tutmaq üçün çıxan iki nəfər hələ də tapılmayıb. Bu barədə kənd sakini Elçin Əsadullayev məlumat verib.
Onun sözlərinə görə, itkin düşən şəxslər Şahağac kənd sakinləri – 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovdur. İddiaların əksinə olaraq, onların qohum olmadığı bildirilib.
“Kənddə balıqçılıq əsas dolanışıq yeridir. Hər iki gənc qanuni olaraq bu işlə məşğul olurdu. Belə hadisənin yaşanmasını istəməzdik. Həsrətlə tapılmaqlarını gözləyirik”, – kənd sakini deyib.
Elçin Əsadullayev həmçinin bildirib ki, itkin düşən gənclərdən biri cəmi 10 gün əvvəl toy edib, digərinin isə 3 günlük körpəsi var.
Qeyd edək ki, hadisə dekabrın 10-u səhər saatlarında baş verib. Xəzər dənizinə balıq tutmaq üçün çıxan iki balıqçı geri qayıtmayıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedici qrupları tərəfindən axtarışlar hazırda da davam etdirilir.
