Azərbaycan.media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ölkələrə Xəzər dənizinin su ehtiyatlarının qorunması məqsədilə dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif edib.
“Report”un “Akorda”ya istinadən məlumatına görə, Prezident bu fikri Astanada təşkil olunan Qazaxıstan–İran biznes forumunda səsləndirib. Tokayev bildirib ki, Xəzərin dayazlaşması həm regionun ekologiyası, həm də iqtisadiyyatı üçün ciddi təhdidə çevrilib və təxirəsalınmaz tədbirlər görülməlidir.
Onun sözlərinə görə, problemin effektiv həlli yalnız Xəzəryanı beş dövlətin birgə səyləri ilə mümkündür. Tokayev beynəlxalq təşkilatlar və maliyyə qurumlarının da prosesə fəal şəkildə cəlb edilməsinin vacibliyini vurğulayıb:
“Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilmiş iclasında Su Problemlərinin Tədqiqi Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdüm. Bu kontekstdə Xəzərin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqram qəbul edilməli və birgə tədbirlərin icrasına başlanmalıdır”, – deyə o qeyd edib.
Tokayev Qazaxıstanın Tehranda keçiriləcək VII Xəzər Sammitində iştirak edəcəyini bildirib. O həmçinin növbəti iki il ərzində IV Xəzər İqtisadi Forumunun Astanada keçirilməsini təklif edib.
Prezident əlavə edib ki, bu tədbirlər Xəzərlə bağlı məsələlərin hərtərəfli müzakirəsinə və səmərəli həll yollarının müəyyənləşdirilməsinə imkan verəcək. Qazaxıstan İranı irəli sürülən təşəbbüslərdə fəal iştiraka dəvət edib.
