Azərbaycan.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sağlam yaşam tərzi və xüsusi qidalanma rejimi beynəlxalq medianın gündəminə çevrilib. “Russia Beyond” xəbər agentliyi 73 yaşlı liderin gündəlik pəhrizinə dair maraqlı detallar yayımlayıb.
Məlumata əsasən, Putin günü zəngin səhər yeməyi ilə başlayır. Onun rasionunda bildirçin yumurtası, çuğundur suyu, yulaf əzməsi, kəsmik və üzüm suyu əsas yer tutur. Prezident əvvəlki müsahibələrində pomidor, xiyar və kahı kimi tərəvəzləri sevdiyini də qeyd edib.
Putin zülal mənbəyi kimi qırmızı ətə və ya toyuğa üstünlük vermir, daha çox balıq istehlak edir. O, şam yeməyini çox vaxt buraxır və günü meyvə, kefir kimi yüngül qidalar və yaşıl çayla tamamlayır. Bundan əlavə, şirniyyatlardan, həddindən artıq yağlı yeməklərdən və ədviyyatlardan uzaq durmağa çalışır.
Rusiya liderinin rejimi yalnız sağlam qidalanma ilə məhdudlaşmır. İddialara görə, onun təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə qurulub. Putin xarici səfərlərinə xüsusi aşpaz komandasının müşayiəti ilə gedir. Komandada qidaların keyfiyyətini analiz edən və ehtimal olunan zəhərlənmə risklərini yoxlayan qida laboratoriyası da fəaliyyət göstərir.
