Azərbaycan.media xəbər verir ki, Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda işin mahiyyəti üzrə baxışa verilməsi barədə qərar qəbul edilib.
Məlumata görə, məhkəmənin baxış iclası dekabrın 15-nə təyin olunub.
Xatırladaq ki, sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından istifadə edilməklə partlayışla nəticələnən terror aktı törədilməsi, iki və daha çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd və digər ağır cinayətlər faktları üzrə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı 1967-ci il təvəllüdlü, Xankəndi şəhərinin erməniəsilli sakini Karen Avanesyanın uzun müddət gizlətdiyi silah-sursatı istifadə edərək polis əməkdaşlarına qarşı terror xarakterli hücum həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib. O, AKMS markalı avtomat silahı və çoxsaylı əl qumbaraları ilə polis əməkdaşlarına atəş açmaqla üç hüquq-mühafizə orqanı əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisədən sonra polis tərəfindən zəruri tədbirlərlə zərərsizləşdirilib və tibbi yardım göstərilib.
Toplanmış sübutlara əsasən Karen Avanesyan Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi — qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə — üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onun barəsində Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
