Braziliya parlamentində Bolsonaroya dəstək qanun layihəsi müzakirəsi dava ilə nəticələndi

Azərbaycan.media xəbər verir ki, Braziliya parlamentində millət vəkilləri arasında dava düşüb. BBC-yə istinadən məlumat verilir ki, insident 2022-ci il seçkilərindən sonra çevriliş cəhdi iddiası ilə keçmiş prezident Jair Bolsonaroya verilən 27 il 3 aylıq həbs cəzasının azaldılması təklifindən sonra baş verib.

Təklifdə həmçinin çevriliş zamanı hökumət binalarına basqın edən Bolsonaronun tərəfdarlarının azad edilməsi də tələb olunub.

Qanun layihəsi ilə bağlı qızğın müzakirələr parlamentdə dava ilə nəticələnib. Solçu millət vəkili Qlauber Braqa spiker kreslosundan qalxmaqdan imtina edərək, bu hərəkətin çevriliş cəhdinə qarşı etiraz olduğunu bildirib.

Yekunda polis insidentə müdaxilə etməli olub, bəzi millət vəkilləri və jurnalistlər parlament binasından çıxarılıblar.