Azərbaycan.media xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və əsaslı təmir-bərpa işləri çərçivəsində Kəlbəcərin elektrik şəbəkəsi tamamilə yenilənir. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.
“Azərişıq”dan “APA-Economics”ə bildirilib ki, Alagöllər, Zəylik və Zod kəndlərində strateji obyektlər və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb.
Məlumata görə, şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində işlər isə artıq yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi də yenidən qurulub.
