Azərbaycan.media xəbər verir ki, Azərbaycanda tütün məmulatları üzrə aksiz vergilərinin artırılması nəzərdə tutulur. Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov bildirib ki, tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə aksiz dərəcələrinin artırılmasına dair təkliflər hazırlanıb.
Azər Əmiraslanovun sözlərinə görə, yerli istehsal və idxal olunan ənənəvi siqaretlər üzrə aksizlərin artırılması idxaldan asılı olan və aşağı aksiz dərəcəsinə malik alternativ tütün məmulatlarının bazar payının kəskin artmasına səbəb ola bilər. Buna görə də tütün məmulatlarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb.
Qeyd olunub ki, bu, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları əhatə edir. Bu məhsullar üzrə aksizin min ədədə görə yerli istehsalda və idxalda 16 manatdan 25,5 manata qaldırılması təklif olunur.
Digər çəkməli tütünlər, məsələn, homogenləşdirilmiş, bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksiz isə hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata yüksəldilməsi planlaşdırılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov “Unikal”a açıqlamasında bildirib ki, aksiz dərəcələrinin artırılması həm siqaret, həm də elektron siqaretlərin qiymətinə təsir edəcək.
Deputat vurğulayıb ki, aksiz dərəcələrinin yüksəlməsi məhsullar üzrə ödəniləcək vəsaitin artmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb olacaq:
“Gözlənilir ki, aksiz dərəcəsi artırılan siqaret və elektron siqaretlərin qiymətlərində artımlar olacaq. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi siqaret və elektron siqaretlərə əlçatanlığın azaldılması və onların istifadəsinin minimuma endirilməsidir. Bu məhsullar insan sağlamlığına ziyan verdiyi üçün onların istifadəsi azaldılmalıdır.”
