Gürcüstanda ali təhsillə bağlı mühüm dəyişikliklər qəbul edildi

Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna dəyişiklikləri yekun oxunuşda təsdiqləyib. Hökumətin təşəbbüsü ilə hazırlanan layihə 79 deputat tərəfindən dəstəklənib, 9 deputat isə əleyhinə səs verib.

Qəbul edilən düzəlişlərə əsasən, bəzi ixtisaslar istisna olmaqla, bakalavr təhsilinin müddəti 3 ilə, magistr təhsilinin müddəti isə 1 ilə endirilir. Akademik ali təhsil üzrə bakalavr proqramlarının minimum 180, magistr proqramlarının minimum 60 kredit olmaqla təşkil edilməsi nəzərdə tutulur.

Ən mühüm dəyişikliklərdən biri ali təhsildə qrant modelinin ləğv edilməsi ilə bağlıdır. Yeni qaydalara görə, Gürcüstan vətəndaşları dövlət universitetlərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil ala biləcəklər. Bununla belə, fakültələr üzrə kvota tətbiq olunacaq.

Hazırda Gürcüstanda bakalavr təhsili 4 il, magistr təhsili isə 2 il davam edir. Yeni sistem təsdiqləndikdən sonra ölkənin ali təhsil strukturu əsaslı şəkildə yenilənəcək.