Azərbaycan.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar. Görüşdə Vaşinqtonun Ukraynadakı münaqişənin həllinə dair irəli sürdüyü sülh planı ətrafında fikir mübadiləsi aparılıb.
Britaniya Baş nazirlik ofisinin məlumatına görə, liderlər ABŞ-ın rəhbərliyi ilə davam edən sülh danışıqlarını müzakirə edərək, Ukraynada ədalətli və dayanıqlı sülhə nail olunması, eləcə də qan tökülməsinin dayandırılması istiqamətində Vaşinqtonun səylərini yüksək qiymətləndiriblər.
Bəyanatda bildirilir ki, danışıqların bütün iştirakçıları ABŞ-ın sülh planı üzrə aparılan prosesləri həm Ukrayna və onun xalqı, həm də bütövlükdə Avroatlantik regionun təhlükəsizliyi üçün “həlledici məqam” adlandırıblar.
Qərb liderləri yaxın günlərdə sülh planı üzərində intensiv işin davam etdirilməsinə razılıq veriblər.
