Qarabağ sevgisinin tərənnümü…– Fuad Biləsuvarlı yazır

Zemfira Məhərrəmli – 70

Zemfira Məhərrəmli imzası Azərbaycan oxucularına yaxşı tanışdır. Uzun illərdir ki, onun imzası ilə dərc olunmuş publisistik  yazılar oxucular tərəfindən çox maraqla qarşılanır.

Zemfira xanım ədəbiyyatda və publisistikada təzə adam deyil. Bir jurnalist, publisist və yazıçı kimi az qala yarım əsrə yaxındır ki, bu yolu inamla addımlayır, hər üç sahəyə öz dəyərli töhfələrini verir. 1978 – ci ildən onun Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirdiyi vaxtdan başlanan bu yol çox uğurludur.

Bu illər ərzində Zemfira xanım əsl ziyalı kimi çoxşaxəli fəaliyyəti ilə fərqlənib. Paralel olaraq  yaradıcılıqla və elmi işlə məşğul olub.
Pedagoqika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 20 dəyərli  kitabları ilə sevimli oxucularının görüşünə gəlib.

İlk baxışda bunlar bəlkə də adi görünür. Amma diqqət yetirəndə bütün bu uğurların arxasında necə böyük bir zəhmətin, yuxusuz gecələrin, gərgin axtarışların durduğu aydınlaşır. Bir qadın, bir ana kimi qayğılarını, üzərinə düşən yükü də bura əlavə edəndə, Zemfira xanımın fədakar və cəfakeş əməyi daha parlaq görünür.

Zemfira Məhərrəmli dövlət başçımızın sərəncamı ilə yaradıcılıq uğurlarına görə “Tərəqqi” medalı və  “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Bu siyahıya Zemfira xanımın Həsən bəy Zərdabi , Qızıl qələm, Beynəlxalq Rəsul Rza, Beynəlxalq Şahmar Əkbərzadə və digər ödüllərini də əlavə etsək, onun necə zəhmətkeş qələm sahibi olduğu gözlərimiz önündə canlanır.

Bir ziyalı  kimi, dünyanın bir çox xarici ölkələrində keçirilən beynəlxalq konfranslarda, seminarlarda iştirakı və vətənimizi təmsil etməsi onu yaxından tanıyan insanlarda iftixar və qürur doğurur.
Zemfira xanım bu etimada, hörmətə layiq bir ziyalımızdır.

O bu gün də yazıçı-publisist kimi eyni şövqlə yazıb-yaradır, ədəbi mühitin diqqət mərkəzindədir. Gərgin zəhmət hesabına ərsəyə gətirdiyi əsərlərinin təkcə öz dilimizdə deyil, rus, ingilis və türk dövlətləri dillərində nəşr olunması bir yazar kimi Zemfira xanımın böyük uğurudur.

Bu gün Qarabağ zəfərimizi böyük təntənə ilə qeyd etdiyimiz, işğal altında olan torpaqlarımızın 30 illik həsrətinə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son qoyduğumuz günlərdə Zemfira xanımın bu savaşın ilk günlərindən Qarabağ mövzusunda neçə sanballı yazılarla çıxış etdiyini yada salmamaq olmaz.

Onun döyüşlərin “qaynar” nöqtələrdən, igid Vətən oğul və qızlarının  hünərindən bəhs edən publisist yazıları əsl reallığı əks etdirirdi.
O illərdə Qarabağ mövzusu Zemfira xanımın yaradıcılığından qırmızı xətlə keçir desək, yanılmarıq. Təsadüfi deyil Zemfira Məhərrəmli bir publisist kimi Qarabağ mövzusunda yazdıqlarına görə Beynəlxalq Mətbuat Fondunun “Qarabağ” Ali Mükafatına layiq görülmüşdür. Həmin illərdə “Döyüşə qızlar gedir” kitabı əsl sensasiya doğurmuş, barəsində onlarca rəy və resenziyalar yazılmışdır.

İnsanlığına, yaradıcılığına sonsuz hörmət bəslədiyim Zemfira xanım Məhərrəmlinin 2021 – ci ildə işıq üzü görmüş “Bədii düşüncədə Qarabağ” kitabı haqqında öz təəssüratlarımı bölüşdürməkdən hədsiz zövq duyuram. Məcburən qoşulduğumuz 30 illik savaşın başlanğıcından qanlı Vətən müharibəsinədək bir dövrü əhatə edən bu kitab oxuculara dəyərli töhfə olmaqla, Zemfira xanımın çox böyük uğurudur.

Bu dəyərli kitaba ön söz yazmış filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın qeyd etdiyi kimi, bu kitab “… Qarabağ savaşı dönəmindəki ruh halımızı, ədəbiyyatımızın Qarabağ yaşantılarını ifadə etmək baxımından bu gün gözəl bir örnək olduğu kimi, inanıram ki, gələcək illərdə də ən etibarlı qaynaqlardan biri olacaq…”

Zemfira Məhərrəmlinin səmimi avtoqrafı ilə mənə bağışladığı bu kitab ön sözlə yanaşı, “Qarabağ: söz karvanı”,  “Qarabağ: Zəfər savaşımız” və “Qarabağ hekayələri” bölmələrindən ibarətdir.
Zemfira xanımın qələmə aldığı və bu kitabda topladığı bütün yazıları maraqla oxunur.
Çünki onların hər birində müəllifin dərin təhlillərə əsaslanan fikirləri, rəy və düşüncələri cəmləşir.

 

“Şuşam mənim”, “Azadlığı istəmirəm zərrə-zərrə”,  “Bayraqdar Qarabağ nisgilimizin tərcümanıydı”, “Gələcəyi qətl etmək olmaz”,  “Xocalı qurbanlarına elegiya”, “Qarabağ mədəni mühitinin vəsfi”, “Dolu həyat həqiqətləri romanıdır”, “Müharibəni hiss etdiyin kimi yaz” məqalələri və demək olar ki, kitabda yer almış bütün digər yazılarda  Zemfira xanım  güclü publisist qələmi ilə ədəbiyyatımızın ünlü simalarının yaradıcılığında Qarabağ mövzusunun bədii inikasını araşdırmışdır.

“Qarabağ: Zəfər  savaşımız”  bölməsində “ustad şairimiz Rəsul Rzadan sonra Azərbaycan ədəbiyyatında sərbəst şeirin gözəl nümunələrini yaradan  Fikrət Qocanın yaradıcılığında mühüm yer tutan Qarabağ mövzusunda yazdığı şeirlərə işıq salınır. Qeyd olunur ki, “Vətən şeirləri Fikrət Qoca poeziyasının təməl daşlarındandır.”

— Qarabağ — böyük bağdı,
Dağı da böyük dağdı.
Qarabağ bizim olub,
Bizim də olacaqdı.

Qarabağ bir cahandı,
Qarabağ canda candı.
Qarabağın anası
Böyük Azərbaycandı.

Zemfira xanım çox haqlı olaraq qeyd edir ki, ustad şairin bu və ya şeirlərindəki “Vətən sevgisi və şeiriyyət havasından şairin yaratdığı poetik ovqatın sehrinə düşürsən…”

Müəllif  “Dolu” həyat  həqiqətləri romanıdır  məqaləsində yazır: “Məlum münaqişə başlayandan, torpaqlarımız işğal ediləndən üzübəri yol gəlmişdi bu əsər… “Dolu həyat həqiqətləri” romanıdır, ürəyi dərdlə çırpınan bir yazarın əsəri kimi dünyaya gəlib.” Sonra Zemfira xanım hörmətli Nizami Cəfərovun bu əsər haqqında fikirlərini oxuculara təqdim edir. “Dolu” – müasir ədəbiyyatımızın “Qarabağnaməsi”dir.

Kitabın sonuncu  “Qarabağ hekayələri” bölməsində dördü sənədli olmaqla altı hekayə yer alıb. Bu hekayələri həyəcansız oxumaq olmur. Zemfira Məhərrəmli qeyd edir ki, “Söz adamlarımızın əsərlərində Qarabağ mövzusuna dair mülahizələrimlə bahəm müxtəlif illərdə yazdığım Qarabağ hekayələrini də təqdim etməyi düşündüm…”  Nə yaxşı ki, belə olub.

“Qırxqızın qırxbirincisi”, “Gül ömürlü Gültəkin”,
“Şuşanı aldıq, Şuşa azaddır” hekayələrində möhtəşəm Zəfər savaşımızda gerçək tarix yazmış Vətənin igid oğul və qızlarının şanlı döyüş yolları təsirli şəkildə qələmə alınmışdır.

Yazılan hər əsər, nəşr olunan hər kitab bir tarixdir, gələcək nəsillərə nümunədir. hörmətli qələm sahibi  Zemfira Məhərrəmli də bu tarixi yazanlar sırasındadır. Yeni-yeni əsərlər sorağında…

Bu kiçik dünyanın böyük insanı

Ömrünü şam edib, yandırdın bizə,
Toxtaqlıq bəxş etdin ürəyimizə.
Sizi ana bildik biz özümüzə —
Bu kiçik dünyanın böyük insanı!

Sözünün odundan köz götürmüşük,
Süfrəsindən çörək, duz götürmüşük.
Sizdən ərkanı da biz götürmüşük —
Bu kiçik dünyanın böyük insanı!

Darıxan qəlblərə məlhəmdi sözün.
Zemfira, anamsan, mələksən özün.
Yetmişi, səksəni, görəsən yüzü —
Bu kiçik dünyanın böyük insanı!

Böyük tonqal qala, kədəri yandır.
Qanmazı sözünlə məhv elə, qandır.
Qulu Məhərrəmlə tarixdə qaldın —
Bu kiçik dünyanın böyük insanı!

Siz də sözünüzün hökümdarısız,
Yurdun aydın, nurlu, düz yollarısız.
Vətənin qazancı, həm də varısız —
Bu kiçik dünyanın böyük insanı!

 

Müəllif: Fuad Biləsuvarlı,
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı.

 

Mənbə: Azərbaycan.media