Azərbaycan.media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Saməddin Əsədov Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Saməddin Əsədov bildirib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür.
Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri layihələr barədə məlumat verib, region ölkələri ilə əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyinin əhəmiyyətli dərəcədə yüksəldiyini vurğulayıb.
Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə də Çin tərəfinə məlumat verilib. Layihənin regional kommunikasiyaların şaxələndirilməsinə, həmçinin bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunub.
Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulayıblar.
