Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub

Azərbaycan.media xəbər verir ki, Astarada dənizdə itkin düşən iki balıqçının şəxsiyyəti açıqlanıb. APA-nın cənub bürosunun məlumatına görə, itkin düşənlər 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur. Onların qohum olduqları bildirilib. Məlumata görə, T. Həsənovun ötən ay toyu olub, A. Həsənov isə bir neçə gün əvvəl övlad sahibi olub.

Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumata görə, dekabrın 10-u saat 10:33-də “112” qaynar telefon xəttinə Astarada Xəzər dənizində iki nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

İtkin düşən balıqçıların Şahağac kəndi ərazisindən dənizə çıxdığı və geri qayıtmadığı bildirilib. Hazırda onların axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.